Qrızlılar Azərbaycan Respublikasının şimal-şərq hissəsində məskunlaşmış, Şahdağ хalqlarına aid edilən qədim etnik qruplardandır.
Əcdadları albanlar olan qrızlıların etnik tarixinə, qədim inanclarına, ailə məişətinə, adət və ənənələrinə diqqət yetirdikdə, bu etnosun tarixinin qədim dövrlərə gedib çıxdığı nəzərə çarpır. Qrızlıların özünəməxsus dilləri, adətləri, mədəniyyətləri mövcuddur.
Şahdağ qrupu kimi adlandırılan, Azərbaycanın milli etnik nümayəndələri olan xalqlar, əsasən Azərbaycanın Şimal bölgəsində – Quba, Xaçmaz və İsmayıllı rayonlarında məskunlaşmışlar.
Quba bölgəsindən arana köçən qrızlılar əsasən Xaçmazda oba salmış və bu obaları da öz adları ilə, yəni el içində seçilən, hörməti olan bir kəsin adı ilə bağlı adlandırmışlar. Qrız dilində də kəndə oba deyirdilər. Bu da təsadüfi deyildir ki, Xaçmaz rayonunda qrızlıların yaşadığı kəndlərin çoxu oba sözü ilə ifadə olunur.
Qrızlı obalarının yaranması əsasən XVIII əsrin sonlarından başlamışdır. XIX əsrin sonlarında isə, düzənlikdə olan obalara insanların axını daha da artmışdır.
Qrızlıların çox hissəsinin məskunlaşdığı obalar bunlardır: Hacı qazma, Hacıəhməd oba, Əhməd oba, Hacı-Qurban oba, Mançar oba, Şərif oba, Uzun oba, Məcid oba, Yataq oba, Tikanlı oba, Nağı oba, Hacıəbdurrəhim oba, Sibir oba, Palcıq oba, Cinar tala, Molla oba, Ağaşirin oba, Pirqulu oba, Hacıməmməd oba, Ağaverdi oba, İdris oba, Fərzəli oba, Nəcəf oba, Şumağır, Digah oba.
Qeyd edilmiş oba və kəndlərdən başqa qrızlılar Bakı və Sumqayıt şəhərlərində, həmcinin İsmayıllı və Qəbələ rayonlarının bir necə kəndində yaşayır.
Qrız kəndində qalan qrızlılar öz dillərində – Qrız dilində danışırlar. Amma arana köçmüş qrızlar arasında bu dildə az danışılır. Bu da ki, qrız dilinin unudulmasına səbəb olan əsas faktorlardan biridir.
“Qrız” sözünün yaranması barədə müxtəlif fərziyyələr mövcuddur. Məsələn, “Qrız və qrızlılar” kitabının müəllifi Şahmurad Qrızlı ərəb dilində cəsur, dəyanətli mənasında işlənən “Karis” sözünün sonradan fonetik dəyişikliklərə uğrayaraq “Qrız” sözü kimi tələffüz olunduğunu qeyd etmişdir.
“Qrızlar və qrız dili” kitabı müəllifi Şıxbala Qrızlı isə Qrız sözündəki “Q” elementini əsas götürərək mənasının yüksəklik, ucalıq, hündürlük, açıqlıq olduğunu, rıts komponentinin isə mənasının hamar, cila mənasını verdiyini bildirmişdir.
Qrızlılara xas olan bəzi adətlər azərbaycanlıların adətləri ilə eyniləşsə də, ailə-məişət, mərasim və adət-ənənələrə aid bəzi özlərinəməxsus spesifik xüsusiyyətlər hələ də yaşadılır.
XX əsrin əvvəllərinə kimi qrızlarda endoqam nikahlara – öz qohumundan, tayfasından, ictimai qrupu içərisindən evlənmək adəti mövcud olmuşdur. İndi isə belə evlənmə adəti üstünlük təşkil etsə də, qədim zamanlardakı kimi önəmli deyil.
Qrızda toy, yas, nişan, tərəkə təhsib, mürvət və s. kimi mərasimlər bu gün də özünəməxsus şəkildə keçirilir. Toy at çapmaq, nişan vurmaq, pəhləvan güləşdirmək, turna-turna oyununu keçirmək kimi adətlər mövcuddur.
Qədim zamanlardan Qrız camaatı yaşadıqları ərazinin təbii-coğrafi şəraiti, mühiti ilə əlaqədar maldarlıqla, əsasən də qoyunçuluqla məşğul olmuşlar. Ona görə də, qrız mətbəxində ət və süd məhsullarından daha çox istifadə edilir.
At və öküz isə nəqliyyat vasitəsi kimi istifadə edilmişdir. Hətta Qrızda at qəbrinin olması haqqında da məlumat var. Həmin at qəbri hal-hazırda Qrız kəndinin qəbristanlığında mövcuddur. Sahibini üç dəfə Həcc ziyarətinə Məkkəyə aparıb gətirmiş bu at, öləndən sonra, sahibi tərəfindən kəfənlənib basdırılmışdır.
Həmçinin dəmyə əkinçiliklə məşğul olmuş və arpa, buğda, covdar kimi dənli bitkilər əkmişlər. Qrızlar kəşf etdiyi, dağda yetişdirdikləri buğdanın sünbülündəki dənələr diş-diş düzüldüyü üçün ona “sil-sil” adı qoymuşlar. “Sil” qrız dilində diş deməkdir.
Xalça və palaz toxuculuğu burada geniş inkişaf etmişdir. Qrızda toxunan ən məşhur xalça növləri “səlim ağacı” və “qoşa qollar”-dır. Qrız sənətkarları, həmçinin mafrac, heybə, palaz, corab, xonçalı xurcun, sumaq toxumaqla da məşhurlaşmışlar.
Qrızda maldarlıq məhsullarının əsas yer tutması qrız mətbəxində aydın nəzərə çarpır, ət və süd məhsullarından daha çox istifadə edilir. Əsas yemək növləri isə qaxac ətdən və paxladan hazırlanmış “curbur”, “cirim”, soyutma ət, “birqan”, kümbə və başqa yeməklərdir. Mal və ya qoyun əti təmizlənir, duzlanır və qurudulur. Qurudulmuş ət qış tədarükü kimi saxlanılır və yemək bişirdikcə isə istifadə edilir.
Əsrlərlə azərbaycanlılarla bərabər yaşayan qrızlılar özlərini hər zaman vahid Azərbaycan xalqının tərkib hissəsi hesab ediblər.