Qrızın geniş yayılan soyları

Soykökü Qrız kəndindən olan qrızlıların soylarının haradan yaranması bir çoxları üçün maraqlıdır. Bunun çox mühün bir məsələ olduğunu nəzərə alaraq, görkəmli tədqiqatçı Şıxbala Qrızlının “Qrızlar və qrız dili” kitabından bu haqda olan məlumatı dərc edirik:

Qrızın geniş yayılan soyları (II hissə)

“Qrızda bir sıra soylar var ki, o soyların adları qədim Qafqaz Albaniyasında olan mifonim, toponim və etnonimlərlə bağlıdır. Bunun üçün onların açıqlamasını imkan daxilində verək.

1. Qamaylar – Qaməyər. Bu soy haqqında açıqlama vermişik. Bu soy mifonimlə bağlıdır.

2. H/Qoneylər – H/Qənəyər. Bu soy da mifonimlə bağlıdır. Bu soyla bağlı bir sıra soylar var ki, həmin soylar şəxs adı ilə bağlıdır. Apardığımız araşdırmalara əsasən müəyyən olur ki, H/Qənəylərlə bağlı bir neçə soy var ki, istərdik onlardan bir neçəsini verək: Ağaverdi obadakı Xudiyər – Xudilər, Hacıəbdürrəhim obadakı Binətəhliyər – Binətəlilər və s. H/Qoneylərlə bağglıdır.

3. Tağanlar – Tağanbi bu soy çox ehtimal ki, Toqan yer adı ilə bağlıdır. Belə ki, Q.Qeybullayev “Qədim türklər və Ermenistan” əsərində Toqan Qarabağ vilayətinin Dizaq mahalında azərbaycanlıların yaşadığı kənd kimi qeyd edir.

4. Dövrüşlər – Dovruşər. Bu soy çox ehtimal ki, dərviş sözü ilə bağlıdır. Dərviş islamı təbliğ edən adamlara deyilirmiş. Pircəlal bəy – Pircəlal baba piri və məqbərəsi də bu soya mənsubdur. Süleyman bəy – bəy tituluna malik yeganə Qrızlı bəy də Dövrüşlar soyuna mənsubdur.

Deyilənə görə Süleyman bəyin oğlu Sadıq bəy Peterburqda hərbi təhsil alıbmış və qırmızıların-bolşeviklərin gülləsinə Quba-Xaçmaz yolunda tuş gəlib. Dövrüşlərin Hacı qazma (Xaçmaz rayonunda) və Qrızda gözəl imarətləri olmuşdur.

5. Sifilər – Sifiyər. Çox ehtimal ki, bu soy sufilik cərəyanı ilə bağlıdır. Bu soyun nümayindələri bu gün də müxtəlif yerlərdə geniş yayılmışdır. Sufilik islam ədəbiyyatında dini cəryandır. Bu cəryanın sorağı XII əsrdən gəlir.

6. Səfilər – Səfiyər. Çox ehtimal ki, bu soy sefəvilərlə bağlı soydur. Bu soyun nümayindəsi olan Qəhirmanın Qrız dilindəki bir folklorda çəkilir. Bu soyda Səfi adında şəxs bu gün də Qrız kəndində mövcuddur.

7. Tatanlar – Tatanbi. Bu soyun nümayindələri Uzunoba kəndində mövcuddur.

8. Qaraxanlar – Qaraxanbi. Bu soyun nümayindələri Hacı Qaraxan oba kəndində olmuşlar. Qaraxan oba bir müddət şimali Qrız icmasının inzibati mərkəzi olmuşdur. Həmin soyun nümayindəsi Həmid bir müddət yüzbaşı olmuşdur.

Təxminən 1914-cü illərdə Həmid yüzbaşı Gödəkli kəndindən İskəndər bəy, Çinartala kəndindən Buxsay və başqaları ilə birlikdə Quba canişini tərəfindən Sibirə sürgün edilmişlər. Həmid yüzbaşı sürgün edildikdən sonra Şimali Qrız icmasına yüzbaşı Çinartala kəndindən Hacımurad seçilmişdir və inzibati mərkəz Çinartala kəndinə köçmüşdür.

9. Şuşalar – Şuşar. Bu soyun adı çox ehtimal ki, R.Yüzbaşov, K.Əliyev, Ş.Sədiyev tərəfindən qeydə alınmış “Azərbaycanın coğrafi adları” əsərindəki 71-ci səhifədə göstərildiyi Şuşa və Şuşi sözləri ilə bağlıdır.

10. Keçilər – Keçiyər. Bu soy da qədim tarixlə bağlı soydur. Qazax bölgəsində belə bir soyun adı mövcuddur.

11. Çcəbhənilər – Çcəbhəniyər. Bu soyun adı sırf Qrız dilində səslənir. Biz yuxarıda göstərdik ki, Qrız dilində bir sözün iki məna kəsb etməsi var. “Pişik” – “kəç” yaxşı məna daşıyır. Pişik-peğu pis məna daşıyır. Sarı – Çcəbu yaxşı məna daşıyır. Sarı –tsəri pis məna daşıyır. Çcəbhəni sarı öküz mənasını verir.

Onu da qeyd edək ki, Öküz güc, bərəkət və s. mənəda işlənən sözdür. 1988-ci ilin 1 saylı “Elm və həyat” jurnalında dərc edilmiş Badisəba Rəcəbovanın “Bəzək əşyaları və dini təsəvvürlər” məqaləsinə diqqət yetirək: “Məlum olduğu kimi yaxin şərq ölkələrində, o cümlədən Azərbaycanda hələ qədim zamanlardan başlayaraq iribuynuzlu heyvanlar müqəddəs sayılır və onlara sitayiş edilirdi.

Qədim əkinçilərin şüurunda öküz nəsil artıran idi. Öküz ən güclü, məğlubedilmiz və sürünün nəsil artıranı olduğunu görə heyvandarlıq tayfaları arasında qeyri-təbii sitayiş obyekti olmaya bilməzdi. Bu səbəbdən də bəzi tayfalar öz başçılarını onunla bağlıyırlar. Belə ki, hun, türk, monqol və buryatlar özlərini öküz nəsindən hesab edir, buynuzu kişilik, cəsarət və qüvvət simvolu sayırlar.

12. Çeçənlər – Çeçənbi. Bu soy adından məlum olduğu kimi Çeçən etnonimlərindəndir. Fərzəli obalıların çoxusu çeçənlər soyundandır.

13. Babasilər – Babasiyər. Bunlara Safumlar-Səfumar da deyirlər, Ağalı kişi, Səfərəli kişi – bunlar Şamdan gələnlərdir.

14. Məsəhlər – Məsəhər. (Cəbrayılgil) Şamdan gələn soydur.

15. Q/Guqutlar – Q/Guqutər (İbrahimgili) çox ehtimal ki, Qurqutla bağlı soydur.

16. Birçimlər – Birçimər. (Şahvəddin) Bu soy haqqında məlumatım və təsəvvürüm yoxdur.

17. Lələlər – Ləhər. (Şəmsəddin Hacıxan Dəhnə)

18. Qirimlər –Qirimər. Qirim həm də həmin soyda şəxs adıdır. Cəbrayıl kişinin dediyinə görə bab bəy(baba) pirə (müqəddəs yerə) yazılı ədəbiyyatda Pir Qırım Şam bəy(baba) da deyirlər. Ehtimal ki, Qirimər elə Pir Qırımla bağlı addır.

Bab Pir Qrız Xınalıq yolunun sol tərəfində, daha doğrusu Susaydan Xınalığa gedən yolla Qrızın Ağ(gırı) gırvənin qovuşduğu yerin yaxınlığında yerləşir. Yerli camaat həmin yerə müqəddəs yer kimi ziyarətə gedir. Bab sözünə yazılı ədəbiyyatda da rast gəlirik.

1990-cı ilin 6 saylı “Elm və həyat” jurnalında Gülnarə Məmmədbəyova – Mehmandarovanın “Quba qədim şəhərdir” məqaləsində oxuyuruq: “Maskatın əhatə etdiyi sahəyə bab və Firuz Qubad şəhərləri daxildir”.

19. Tatlar – Tatri. Bu soyun nümayindələri Ağaşirin obadadırlar.Adından aydın olur ki, bu soy tatlarla bağlıdır.

20. Piflər – Pifri. Bu soyun nümayindələri Pifrə obadadırlar. Hazırda Pifrə oba Pirqulu oba ilə birləşib. Ümumi olaraq Pirqulu oba adlanır. ”Pif” söz kökünün Qrız dilində müxtəlif mənaları var. Bu sözün də qədim tarixlə bağlılığı mövcuddur.

21. Buduqlar – Buduğar. Bu soyun adı sirf Qrız mənşəli olub şəxs adıdır. (“Bu”-“buq” sözlərində “bu” böyük sözünün ünsürü, “buq” isə dağ mənasını verir.) Bu soydan olan Hacı Çoban yaylaqdan Qrız kəndinə su kəməri vasitəsilə həftənin müəyyən günlərində (cümə axşamı, cümə günlərində) süd axıtmışdır. İmkansız adamlar həmin süddən təmannasız istifadə etmişlər.

Bir sıra soylar var ki, bu soylar şəxs adı ilə bağlıdır. Həmin soyların kökü dərindən araşdırıldıqda bəzən yuxarıda sadaladığımız mifik və etnik adlarla baglı soylara qovuşur.”

Ümumiyyətlə, biz soylarin hamısını sadalamaq fikrində deyilik. Əsasən bu soylardan daha geniş yayılan və tarixin müəyyən qatları ilə bağlı olanları sadaladıq.

Bir şərh yazın