Qrız mətbəxi

Qrızlıların etnik xüsusiyyətləri onların mətbəxində nisbətən yaxşı qorunub saxlanılmışdır ki, bu ənənəvi təsərrüfatçılıqla əsaslandırılır.Ənənəvi təsərrüfatın əsas hissəsinin heyvandarlıq olduğuna görə, qrızllıarın mətbəxinin əsasını süd və ət xörəkləri təşkil edirdi.

Gündəlik qida rasionunda yağlı qoyun pendiri və qaymaq mühüm rol oynayırdı. Pendirin əldə olunmasında, quzu qursağı və xüsusi ot bitkisindən hazırlanmış mayadan istifadə edilirdi.

Qrız mətbəxi

Kasıb ailələrdə mətbəxin əsasını ayrandan alınmış “şor”, yəni kəsmik təşkil edirdi. Kərə yağı, adətən, dəri nehrədə (“çalhar”) hazırlanır, duzlanır, soyulmuş dana və ya qoyun qarnında saxlanılır, əsasən nahar üçün istifadə edilir.

Daha sonra isə, qrızlılar oturaq həyata keçdiklərinə görə, gildən hazırlanmış nehrənin köməyi ilə kərə yağı əldə etməyə başladılar.

Qrız mətbəxinin ət xörəkləri arasında təzə, qurudulmuş və ya hisə verilmiş ətdən hazırlanan həm birinci — duru xörəklər (şorba, bozartma), həm də ikinci — quru xörəklər (qovurma, şişlik, portlama, fırlama) var.

Qaxac ətdən və paxladan hazırlanmış “curbur”, “cirim”, soyutma ət -“birqan”, kümbə və s. yeməklərə Qrız mətbəxində xüsusi önəm verilir.

Uzunmüddətli saxlama üçün ət — quzu və ya mal əti, duzlanır və qurudulur.

Soyuq qışa ət tədarükünün başqa bir dövrü isə heyvanlar üçün yem qıtlığı yaranan payıza təsadüf edir. Kəsilmiş mal-qara cəmdəkləri öz piyində qızardılır və iri küplərə yığılır və qarlı qış üçün saxlanılır.

Bayramlarda və müxtəlif şənliklərdə süfrələrə sırf Azərbaycan xörəkləri də — müxtəlif kabablar, piti, bozbaş, dolma, plov və s. gətirilir.

Qrız desertlərindən xırdalanmış düyü, qoz-fındıq, qızardılmış buğda dənələri və qaynadılmış mal dırnaqlarını qarışdırılaraq hazırlanan “çeyneme”ni qeyd etmək lazımdır. Bir çox bitki mənşəli məhsullar — buğda, düyü, meyvə, qənd, çay və s. alınır və ya barter edilir.

Buna baxmayaraq, Azərbaycan mətbəxinə aid un xörəkləri və məmulatlarının da demək olar ki, hamısını qrızlıların mətbəxində görmək olar.

Qrızın ənənəvi mətbəxində tərəvəz məhsulları, qismən yabanı bitkilərlə — kəklikotu, qurudulmuş alça, tumsuz zoqal, gavalı və başqaları ilə əvəz edilir. Un ilə meşə və dağlardan yığılmış yabanı bitkilərdən bişirilmiş qutabın ətrindən doymaq qeyri-mümkündür.

Əvvəllər çay əvəzinə qrızlılar əzgil ağacının qabığı və bəzi yerli yabanı otlar dəmləyirdilər. Dağda yaşayan qrızlılardan fərqli olaraq, Müşkür düzünə (Xaçmaz rayonu) köçən qrızlılar azərbaycanlılar kimi qatı üzüm şirəsi olan bəkməz, əncir povidlası, tut və gilas mürəbbəsi hazırlamış, şəkər əvəzinə qurudulmuş tutdan istifadə etmişlər.

Əgər dağ qrızlıları sərinləşdirici içki kimi ayrandan istifadə edirdilərsə, düzənliklərdə əsasən əzgil şirəsindən istifadə edirdilər.

Azərbaycan mətbəxi dünyanın ən zəngin, dadlı mətbəxlərindəndir və Qrız mətbəxi onun çox qədim bir tarixə malik olmasını sübut edən amillərdən biridir.

Bir şərh yazın