Quba rayonunun Qrız kəndi ərazisində yerləşən Gur-gur şəlaləsi ilin hər fəslində heyrətamiz görüntüsü ilə seçilir. Dəniz səviyyəsindən 2 min metrdən yüksəklikdə yerləşən Qrız kəndi Azərbaycanda ən şaxtalı və ən çox qar düşən yaşayış məntəqələrindən biri sayılır.
Şəlalə şaxtanın təsirindən tamamilə buz bağlayır, donur. Ona görə də, qış vaxtı burada daha maraqlı, möhtəşəm, nağılabənzər bir mənzərə yaranır. Buzlar şəlaləni sehrli bir məkana çevrir, qayalardan axırmış kimi görünür.
Ətraf sükuta qərq olur, amma elə bil ki, bu sükuta hərdən buzun altında axan suyun səsi mane olur.
Qışda yolun çətin keçilən olmasina baxmayaraq, bu unudulmaz mənzərəni seyr etmək üçün, hər il xeyli insan donmuş şəlaləni görməyə üz tutur. Qrıza gedən hər kəs, mütləq o donmuş şəlaləni ziyarət edir.
Fotoqalereyada donmuş Gur-gur şəlaləsinin şəkilllərini təqdim edirik.