Qədim Qrız kəndi

Qrız (Qırız) kəndi Quba rayonunda, Ağ dağın ətəyində, dəniz səviyyəsindən 2000–2050 metr yüksəklikdə yerləşir. Qudyalçayın sol sahilində yerləşən kənd, Azərbaycanın ən çox qar düşən yaşayış məntəqələrindəndir və Şahdağ bölgəsinin ən ucqar kəndidir.

Qədim Qrız kəndi

Qırz kəndi haqqında ilk yazılı mənbələrə X əsrdə rast gəlinir. Tarixi mənbələrdən olan məlumata görə, ucqar dağ kəndi olan Qrız, Qafqaz Albaniyası ərazisində məskunlaşmış tayfa nəslinin yaşayış məskəni olmuşdur.

Kəndin qədim yaşayış məskəni olmasını, ərazidəki Əbu Müslüm məscidinin divarlarına həkk olunmuş yazılardan görmək mümkündür. Məscidin divar daşında tikilmə tarixi «131» yazılmışdır ki, bu da qriqoryan təqvimi ilə 749-cu ildə, yəni VIII əsrdə tikildiyini deməyə əsas verir.

Hətta, kənddə tarixi eramızdan əvvələ aid edilən qədim qəbiristanlıq mövcuddur. Kənd ərazisində bir çox qədim tikililərlə yanaşı, qədim Qrız qalasının qalıqları da mövcuddur. Odur ki, Qrız kəndi qrızlıların ən qədim yaşayış məskəni sayılır.

Bəzi yazılı mənbələrə görə, XVIII əsrdə Şeyxəli xanın Rusiya İmperiyasına qarşı apardığı mübarizə zamanı onun mərkəzi iqamətgahı Qrız kəndində olmuşdur. Kənd tarixən qohumluq münasibətlərinə görə məhəllələrə bölünmüşdür.

Tədqiqatçıların araşdırmalarına görə, qonşu kəndlərin (Cek, Əlik, Haput) kəndlərinin əhalisi 1860-1880-ci illərdə Qrız kəndindən köçmüş sakinlərdir. Həmin illlərdə kənd əhalisinin əksər hissəsi düzənlik ərazilərinə köçmüşdür.

Hazırda qrızlılar Xaçmaz, Qusar, İsmayıllı rayonlarının bir neçə kəndində, eləcə də Bakı və Sumqayıt şəhərlərində yaşayırlar.

Bir şərh yazın